Hər din,hər firqənin özünün mənbələri vardır.Quran
baradə olan fəsildə şiə alimlərinin Allahın kitabı baradə olan fikirləri ilə
tanış olmuşduq.İndi isə şiə kitablarının mötəbərliyi haqqında bəhs edək.
1) Nəcaşinin
“Rical” kitabı
Bu kitab şeyx Əbul Abbas Əhməd ibn Əli ibn Əhməd
ibn əl Abbas ən Nəcaşiyə aiddir.Daha doğrusu ona isnad edilir.Bu alim hicri
372-450 illər arasında yaşamışdır və bu kitab şiə raviləri haqqında mövcud olan
əsas mənbədir.
Bu kitabın 404-cü səhifəsində 1070 nömrəli haşiyədə
ravi Əbu Yalə Muhəmməd ibn Həsən ibn Həmzə əl Cəfərinin bioqrafiyasına yer
verilir.Bütün bunlarla yanaşı bu ravinin 463-cü ildə vəfat etdiyi bildirilir.
Bizim iki yolumuz var.Müəllifin 450-cı ildə vəfat
etdiyini nəzərə alaraq,ya deməliyik ki,kitab onun tərəfindən yazılmayıb,ya da
onun 13 il sonra qəbirdən qalxıb,bu ravinin bioqrafiyasını yazdığını deməliyik.
1)
Şeyx Mufidin “Xəsais” kitabı.
20-ci əsrin ən böyük şiə
alimlərindən olan Əbulqasim əl Xoyi “Mucəm ər rical” (№4761) kitabında bu
kitabın şeyx Mufidə aid olmadığını qeyd edir.
2)
“Tövhid əl Mufəddəl”
“Ənsarian” tərəfindən nəşr
olunan kitabın müqəddiməsində deyilir: “İmam Cəfər əs Sadiqin nəql etdiyi “əl
Mufəddəl” kitabı.”
Şiə rical alimlərindən
olan ibn Qadiri “Duafa” kitabında yazır: “2-10.
əl Mufəddəl ibn Ömər əl Cufi Əbu Abdullah.Zəifdir....onun rəvayyətlərini yazmaq
caiz deyil.O,imam Cəfərdən və imam Əbul Həsəndən nəqllər etmişdir.”
Digər rical alimləri
ibn Davud əl Hilli də bu ravinin zəif və rəvayyətlərinin dolaşıq olmasını qeyd
etmişdir. (“Rical” №512,səh 280)
4) Suleym
ibn Qeys əl Hilalinin kitabı.
Bu kitab guya Əli ibn
Əbu Talibin səhabələrindən birinə məxsusdur və tez-tez onlar tərəfindən oradan
sitatlar gətirilir.
İbn Qadiri
“Duafa”kitabında Suleymin bioqrafiyasında yazır: “Bizim əshabımız deyirdilər ki,Suleym məchuldur və heç bir rəvayyətdə
adı keçmir..... Ona isnad edilən kitab uydurmadır və bunda heç bir şübhə
yoxdur.”
İbn Muttəhər əl Hilli
“Xulasət” (№3,səh 325) kitabında Əbban ibn Əbu Əyaşın bioqrafiyyasında ilk öncə
bu ravinin olduqca zəif olmasını qeyd edir,daha sonra yazır: “Bizim əshabımız Suleym ibn Qeysin
kitabının onun tərəfindən uydurulduğunu söyləmişlər.”
5) “Nəhcul bəlağa”
Bu kitab Səid ər
Razinin qələminin məhsuludur.Orada müəllif möminlərin əmiri Əli ibn Əbu Talibin
xütbə,məktub və kəlamlarını toplamışdır.Razi bu kitabını hicri 400-cü ildə
tamamlamışdır.Əli (r.a) hicri 40-cı ildə şəhid olmuşdur.Müəllif ilə imam Əli
arasında 360 il vaxt məsafəsi olmasına baxmayaraq,bu kitabda siz heç bir ravi
silsiləsinə rast gəlmərsiz ki,müəllifi imam Əli ilə əlaqələndirsin. Lakin, bununla
belə bu kitab imamilərin ən mötəbər mənbələrindəndir ki,onlar ən birinci bu
kitaba istinad edirlər.Müasir şiələrə görə bu kitab Qurandan sonra ən səhih və
mötəbər kitabdır.Onlar ehtiram əlaməti olaraq,bu kitabı “Quranın doğma qardaşı”
adlandırırlar.
Əgər şiələr nəzdində
mötəbərliyinə görə ilk üç kitabı qeyd etməli olsaq, alimlərinin bu məsələ baradə
dediklərini yazmaq yerinə düşərdi:
“Kafi” kitabı Quran və “Nəhcul bəlağa”dan
sonra şiələrin ən mötəbər kitabıdır.”
(Məkarim Şirazi və Cəfər Sübhani “Şəri suallara cavablar”səh 261,2005-ci
il,azəri dilində)
Yəni, birinci yerdə
Quran,sonra Razinin kitabı,daha sonra isə Kuleyninin “Kafi” kitabı gəlir.Müasir
şiə alimləri arasında “Nəhcul bəlağa” kitabına ən doğru və real qiyməti Ayətullah
Fədlullah verir.Şiə dini çevrələri üçün baş ağrısı olan bu alim “Nəhcul bəlağa”
haqqında ona verilən suala saytında belə cavab vermişdi: “Bu kitab bütünlüklə imam Əliyə nisbət edilə bilməz.”
Aşağıda Elmir Quliyevin
bu kitab haqqında verilən suala yazdığı cavab təqdim olunur:
“Nəhcul bəlağa” kitabı – imam Əliyə (Allah ondan razı olsun) nisbət
edilən xütbə,məktub və kəlamların toplandığı məcmuadır.O,üç hissədən ibarətdir.Birinci
hissədə müxtəlif dini məsələlər və tarixi hadisələr haqqında xütbələr
toplanmışdır.İkinci hissə məktub,əmr və müraciətlərdən ibarətdir.Üçüncü hissə
isə müxtəlif mövzuda olan müdrik kəlamlardan ibarətdir.
Şiə alimlərinin qeyd etdiklərinə görə “Nəhcul Bəlağa” kitabını Əli
ibn Əbu Talibin nəslindən olan Muhəmməd ibn Hüseyn ər Razi qələmə almışdır.
Lakin,heç də bütün alimər bununla razılaşmırlar.”Şəzarat əz zəhəb” əsərində
deyilir: “İnsanlar bu kitabın kim tərəfindən qələmə alınmasında fərqli fikirlər
söyləyirlər.Əli ibn Hüseyn əl Murtəza,yoxsa onun qardaşı ər Razinin müəllif
olması qeyd olunur.Bu kitabda olan ifadələrin imam Əliyə aid olmayıb,sonrdan
kitabı tərtib edənlər tərəfindən ona nisbət edilməsini deyənlər də vardır.Daha
doğrusunu isə Allah bilir.”
Bənzər fikirlər şeyx əl Yəfainin “Mirat əl cinan” kitabında da qeyd
olunur.Sünni alimlərin əksəriyyəti kitabın müəllifinin Əli ibn Hüseyn olması rəyini
dəstəkləmişlər.Hər iki qardaş Peyğəmbər (s.a.s)-in və Əli ibn Əbu Talibin
soyundan gəlirlər.Onların fəziləti,şeyxləri,şeirləri və fikirləri haqqında Xətibin “Tarix Bağdad”, Zəhəbinin
“Tarix əl İslam”, Səfədinin “əl Vafi bil vəfayat”və onlarla tarix kitablarında
qeydlər vardır.
ər Razi adı ilə tanınan Əbul Həsən Muhəmməd ibn Hüseyn əl Musəvi
(359-406) öz dövründə Qüreyş arasında ən istedadlı şairlərdən hesab olnurdu. Ərəb
qramatikası,ərəb dili və Quran elmləri haqqında risalələr yazmışdır.O,on
yaşından şeirlər yazmağa başladı və onun şeir divanı dörd cilddən ibarətdir.Tahir
künyəli atası Əbu Əhməd əl Hüseyn sağlığında ona Əbu Talib soyunun “ağsaqqalı” ünvanını
vermişdi.Bu vəzifə sahibi nəsil arasında olan münaqişələri həll etməli və Həcc
qafiləsinə rəhbərlik etməli idi.
əl Murtəza adı ilə tanınan Əbulqasim Əli ibn Hüseyn əl Musəvi
(355-436) müxtəlif sahələrdə biliklərə malik idi.Öz şeirləri və münaqişələrdə
bacarığı ilə seçilirdi.Mötəzili fikirlərini müdafiə etmiş və bir sıra şiə əqidəsinə
dair kitablar yazmışdır.Kiçik qardaşının vəfatından sonra Əbu Talib soyunun
“ağsaqqalı” olmuşdur.Çoxları qeyd etmişlər ki,Əli ibn Hüseyn Quranın təhrifi
baradə olan fikirləri dəstəkləməmişdir.Lakin,onun əsərlərində səhabələri təhqir
edən məqamlar çoxdur.
əl Murtəzanın əsərlərini xarakterizə edən hafiz ibn Kəsir “əl Bidayə
vən nihayə” (12/53) kitabında yazır:
“İbn əl Cəuzi onun şiə fikirlərinə sahib olduğunu qeyd etmişdir.O,iddia edirdi
ki,səcdə yalnız torpaq və ondan olan əşyalara olmalıdır.Xristian,yəhudi qadınla
evlənmək,kitab əhlinin kəsdiyi ətləri yemək və kafirlər tərəfindən hazırlanan
qidaları yeməyi haram hesab edirdi.O,hesab edirdi ki,boşanma iki şahidin
iştirakı ilə qüvvəyə minə bilər və şərtli evlənmədə olan boşanmanı qeyri qanuni
hesab edirdi.O,xxşam namazını gecə yarısına kimi qılmayanın qəza namazı qılmalı
olduğunu və növbəti gün kəffarə orucu tutmalı olduğunu hesab edirdi.O,hesab
edirdi ki,saçlarını kəsmiş qadın günahını “təsadüfi öldürmə” halında olduğu
kimi yumalıdır.Hüzrdə yaxasını cıran isə “böhtan atmada” olduğu kimi kəffarə ödəməlidir.
O,həmçinin hesab edirdi ki,əgər kişi bilmədən evli qadınla evlənərsə,sədəqə
olaraq beş dirhəm ödəməlidir və oğrunun barmaqlarının ucu kəsilir. İbn Cəuzi
deyir ki,o bunu Əbulvəfa ibn Əqilin nüsxələrindən oxumuşdur.”
“Nəhcul bəlağa” məcmuası Abbasi xəlifələrinin Buveyhilərin (334-467)
hakimiyyəti altında olduğu zamanlar yazılmışdır.Onlar mötədil,mülayim şiə
fikirlərinə sahib olmuşlar.”ət Tai lillah” adı ilə tanınan Əbdulkərim ibn Fəzlin
(363- 381) zamanında isə xəlifənin nüfuzu olduqca aşağı idi. O zamanlar ələvilər
yüksək mövqelərə sahib idilər və açıq şəkildə səhabələri və ilk üç xəlifəni təhqir
edirdilər ki,bu da öz növbəsində sünnilərlə şiələr arasında toqquşmalara səbəb
olurdu.Belə fikirlərdən bəziləri “Nəhcul bəlağa” kitabında yer almışdır.
Bu əsərin qısa xarakteristikasına Əhli Sünnə alimlərinin kitablarında
yer verilmişdir.Şəmsəddin əz Zəhəbi “Siyər aləm ən nubalə” (17/589)-də qeyd
edir ki,”Nəhcul bəlağa” imam Əliyə nisbət edilir.Lakin,orada isnadlar mövcud
deyil.Bu rəvayyətlərin arasında yalan və doğru xəbərlər də vardır.Həmçinin,orada
imamın demədiyi uydurma rəvayyətlər də vardır.
İbn Teymiyyə “Minhəc əs
sünnə ən nəbəviyyə” (7/86-87)-də yazır: “Alimlər bilir ki,bu kitabda olan xütbə və
kəlamların çoxu imam Əliyə yalandan nisbət edilir.Ona görə ki, onların çoxu öncəki
əsərlərdə mövcud deyil və bunların isnadı məlum deyil.Müəllif bunları haradan
götürüb?Bu ifadələr özünü Ələvi və Abbasi adlandıranın sözlərinə bənzəyir.Bunların
yalan olması aşkardır.
İnsanın soyunun bəlli olması üçün onun əcdadlarının hansı soydan gəlməsi
məlum olmalıdır.Bu qayda həmçinin, ifadələrə də aiddir.Onların kimdən
eşidilib,kim tərəfindən nəql olunması məlum olmalıdır.Əgər kimsə Peyğəmbər
(s.a.s),Əbu Bəkr,Ömər,Osman,Əli və s. səhabələrin sözlərinin toplandığı bir kitab
yazarsa və orada olan ifadələr,rəvayyətlər öncələri nəql olunmayan və məlum
olmayan isnadsız xəbərlər olarsa,biz qəti olaraq əmin olacağıq ki,bu kitabın əsası
yoxdur.Bu kitabda elə ifadələr var ki, onlar Əlidən varid olmuş digər sözlərə
ziddir.Belə halda bunun yalan olmasını isbat etməyə ehtiyyac yoxdur.Sadəcə xəbərin
isnadını tələb etmək yetərlidir.Allah dəlil və isbatı olmayan məsələlərə
insanların inanmasını əmr etməmişdir....”
Digər yerdə
(8/55-56) ibn Teymiyyə yazır: “Nəhcul
bəlağa” sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı
yalanlardır.Əli (Allah ondan razı olsun) bu cür sözləri dilinə gətirməkdən çox
uca və çox dəyərlidir.Lakin, bu insanlar yalanlar uydurdular və zənn etdilər
ki, bu sözlər tərif, mədhdir.Lakin, onlar nə doğru, nə də mədhdir....Həmçinin,
Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək
mümkündür. Lakin, “Nəhcul bəlağa” sahibi və onun bənzərləri insanların söylədiyi
bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayyət olunan bəzi
kəlimələr var.Bəzi doğru sözlər də var ki,Əli onları söyləmiş olsaydı bunları
söyləmək onun üçün münasib olardı. Lakin, faktiki olaraq bunlar başqalarının
sözləridir. Belə ki, əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və
digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhcul bəlağənin
sahibi bunları Əliyə nisbət etmişdir. “Nəhcul bəlağa”də nəql olunan bu xütbələr
həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif
olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən
isnadlarla və digər şəkildə rəvayyət olunardı. Rəvayətlərin təhqiqində dərin
elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu əslində əksəriyyəti
bundan əvvəl məlum olmamışdır.Ona görə də belə nəticəyə gəlmək olar ki, onlar
uydurmadır. Ona görə də, rəvayyətçi onların hansı kitablarda qeyd olunduğunu
bildirməlidir. Bunları Əlidən kim rəvayyət etmişdir və isnadları nədir? Əks
halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini
iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil).”
“Nəhcul bəlağa” kitabı
ilə yaxından tanış olanda orada bir çox xəbərlərin Quran və səhih sünnə ilə
ziddiyyət təşkil etdiyinin şahidi olursan.Əli ibn Əbu Talibə nisbət edilən bir
çox xütbələr onun təvəzökar əxlaqı ilə uzlaşmayan digər səhabələrə tən,özünü tərifləmə
kimi hallarla doludur. Maraqlıdır ki,bir çox xütbə və kəlamlar şiələrin Əli ibn
Əbu Talibin imaməti, “məsumluq”həmçinin səhabələrin,xüsusi ilə də üç xəlifənin
yaxşılıqla anınması məqamları, şiələrin əqidəsinə tamamilə ziddir.
Biz
sadəcə bir neçə nümunə qeyd edəcəyik. İmam Əli Ənsarın mədhində buyurmuşdur: “Allaha and olsun ki, onlar var-dövlətləri,
səxavətli əlləri və iti dilləri ilə İslamı süddən ayrılmış (və
ya bir yaşı olan) at balası bəslənən kimi bəsləyərək yetişdirdilər.”
(457-ci kəlam)
Əli (r.a) deyir: “Mən Muhəmməd (s.a.s)-in səhabələrini
görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm.Onların səhərlər
saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər.
Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa
qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları
səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak
Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən
axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi
kimi əsərdilər. “ (xütbə 96)
Ömər ibn Xəttab Əli ibn Əbu Talibdən farslara qarşı
müharibəyə getmək baradə məsləhət soruşduqda, ona demişdi: “Bu işə yardım və ya onu xar etmək azlıq və çoxluğu ilə olmamışdır.O,
Allahın dinidir ki, onu qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə
çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək
etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək
qoşununa yardım edər. Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri
toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr
bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az
olsalar da, İslam dininə görə çoxdurlar.
Birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar
kimi ol. Dəyirmanını ərəblərin vasitəsilə
fırlat. Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki,
sən bu torpaqdan bayıra çıxsan, ətraf və
nahiyələrdən ərəblər səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar.
İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş
meydanına getməkdən daha mühüm olacaq. İranlılar səni görəcək və deyəcəklər: Bu
ərəblərin rəhbəridir. Onu aradan götürsəniz, rahatlıq taparsınız. Bu düşüncə onların sənə olan hərisliyini
və səni tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri
barədə xatırlatmana gəlincə isə, səndən daha çox Allah-təala onların gəlişini
xoşlamır və O, bəyənmədiyi şeyi aradan götürməkdə daha qüdrətlidir. Sayların
çoxluğu barədə dediyinə gəlincə isə, biz bundan əvvəl qoşunun çoxluğu ilə
döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük.” (xütbə 146)
İmam
Əli (Ömər ibn Xəttab barəsindəki) bir kəlamında
buyurmuşdur: “(Əbu Bəkrdən sonra) bir vali xalqa hakim oldu (Ömər xilafət məqamında oturdu). Beləliklə, (xilafət işini)
bərpa etdi və müqavimət göstərdi (hamıya
hakim oldu), nəhayət, (dəvə istirahət edəndə boynunun qabağını yerə qoyub sakitləşdiyi
kimi) din qərar tutdu.” (459-cu kəlam)
Əli ibn Əbu Talib Osmana deyir: “Səndən bir şey də gizlətməmişik ki, indi
onu sənə çatdıraq. Sən bizim
gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də Allahın elçisinin
(s.a.s.) səhabələrindən olmusan. Nə ibn
Əbu Quhafə (Əbu Bəkr) nə də İbn Xəttab haqq işində səndən irəli deyillər.Sən
Allahın elçisinin (s.a.s) atasına, qan qohumluğuna görə onların hər ikisindən
də yaxınsan. Sən onun o biri iki
kürəkəninin nail olmadığına nail olmusan.” (xütbə 163)
Gətirilən sitatlar
Quran və Peyğəmbər (s.a.s)-in sünnəsi ilə təsdiqlənir.Belə ki,Uca Allah Quranda
buyurur:
“Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı
sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə
qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində
olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin
kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o
da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir.
Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin.
Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir
mükafat vəd etmişdir.” (Fəth 29)
Həşr surəsinin 8-9 ayələrində Uca Allah mühacir və ənsarların
ünvanına təriflər buyurur.Sonra isə növbəti ayədə müsəlmanlara iman gətirmiş sələfləri haqqında yalnız xeyir söyləyib,onlar
üçün bağışlanma diləmələrini tövsiyyə edir.
“Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və
bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə
qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətəndə, Sən Şəfqətlisən, Rəhmlisən!" (Həşr 10)
Bütün bunlar “Nəhcul Bəlağa”da guya səhabələrin
Allah və Elçisinin əmrinə müxalif olaraq,Əli ibn Əbu Talibin əvəzinə öncə Əbu Bəkrə,sonra
isə Ömərə beyət etmələri haqqında olan rəvayyətlərə ziddir.
Səhabələrin ünvanına
yönələn yersiz ittihamların əsassız olduğunu bu kitabda olan 6-cı məktub da
isbatlayır.
İmam Əli Müaviyəyə olan məktubunda
yazır: “Əbu Bəkr, Ömər və Osmanla
beyət edənlər həmin yolla mənimlə beyət edərək əhd-peyman
bağladılar. Odur ki, orada olanların ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da onu qəbul etməmək haqqı yoxdur. Məşvərət aparmaq
Mühacirlərin və Ənsarın haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə və imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə eyb və nöqsan
tapması səbəbindən və ya bidət nəticəsində onların əmrlərindən boyun
qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər onların
göstərişlərini qəbul etməsə, onunla möminlərin
yolundan başqa bir yol ilə getdiyi
üçün vuruşarlar. Allah da onu üz tutduğu şeyin öhdəsinə
buraxar.”
Daha bir misal Osmanın şəhid edilməsindən sonra
insanların Əli ibn Əbu Talibin yanına gələrək,ondan xilafət vəzifəsini almağı
istədikləri zaman onun dediyi sözlərdir:
“Bilin ki, istədiyinizi qəbul etsəm, daha yaxşı bildiyimə uyub gedərəm,
nə söyləyənin sözünə fikir verərəm, nə eyib tutanın sözünə qulaq asaram. Amma məndən
əl çəksəniz, sizlərdən biriniz kimi olaram. Kimi iş başına gətirsəniz, kimi
özünüzə qulluq sahibi etsəniz, o buyruğu sizdən daha artıq dinlərəm, əmrinə
sizdən artıq uyaram. “Mənim sizə vəzir olmağım, əmir olmağımdan daha
xeyirlidir.” (“Nəhcul bəlağa”, xütbə 91)
Əgər Əli ibn Əbu Talib Allah və Onun elçisi tərəfindən
xəlifə təyin olunmuş olsaydı və onun soyunun imaməti baradə əhdnamə olsaydı,o
Allahın əmrindən çıxmaz və əmirlikdən boyun qaçırmazdı. Daha da önəmlisi,o
insanların xilafəti təxrib edib,Allahın əhdini pozmalarına səssiz qala bilməzdi.
234-cü xütbədə Əli ibn Əbu Talib deyir: “Əgər siz
İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət və qohum-əqrabalarınızın çoxluğuna
arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız),
kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar
da olmayacaq ki, sizə kömək etsin.” (xütbə 234)
“Nəhcul Bəlağa”da olan çoxlu ziddiyyətlərə
baxmayaraq,kitabda öncə də deyildiyi kimi əsas qüsur onda olan rəvayyətlərin
etibarlı isnadlarının olmamasıdır.Daha sonrakı Seyyid Əbd əz Zəhra əl Hüseyni
kimi tədqiqatçılar kitabın rəvayyətlərini Əli ibn Əbu Talibə qədər qaldırmağa
çalışmışlar. Lakin,onlar əsasən bu rəvayyətlərin digər kitablarda tam vəya qısa
şəkildə nəql olunmasını deməklə və isnadı qeyd etməməklə kifayətlənmişlər.Yalnız
bəzi hallarda onlar daha qədim kitablarda olan bəzi rəvayyətlərin isnadını qeyd
etmişlər.Lakin,bu isnadların çoxu etibarlı olmamaqla bərabər raviləri məchul
insanlardır.
Qeyd etmək lazımdır
ki,”Nəhcul bəlağa”da möminlərin əxlaqi keyfiyyətlərini təsvir edən və əqidəvi
sualları əhatə edən onlarla müdrik kəlamlar vardır.Onların çoxunun mənası doğru
və izahı gözəldir.Onlar ayə və hədislərlə öz təsdiqini tapır.Lakin, Əli ibn Əbu
Talibin vəfatından 300 il sonra inandırıcı dəlillər olmadan ona nisbət edilmiş
bu kəlamlar toplusunu müsəlmanların rəhbər tutduqları və inandıqları hədislər səviyyəsinə
qaldırmaq olmaz.
Guya Allah və elçisinin
əhdini pozan,səhabələri tən edən və imamət baradə olan kəlamlara gəldikdə isə
bunlar həqiqətə uyğun deyil və bundan yüz illər ərzində müsəlmanları parçalamaq
istəyən bəzi qruplar istifadə etmişlər.
Əli ibn Əbu Talibin
dini mirasına gəldikdə isə ondan 586 hədis nəql olunmuşdur.Ondan oğulları Həsən,Hüseyn,Muhəmməd,həmçinin
ibn Məsud,ibn Ömər,ibn Abbas,ibn Zübeyr,Əbu Musa əl Əşari,Zeyd ibn Ərkam,Əbu Səid
əl Xudri,Cabir ibn Abdullah,Əbu Umamə,Əbu Hureyra və s.səhabələr hədislər
almışlar.İmam Nəsai onun hədis və fəzilətlərini “Müsnəd Əli ibn Əbu Talib”
kitabında toplamışdır.Bundan başqa bu şərəfli səhabənin çoxlu kəlamları,onun həyatının
tarixi baradə olan rəvayyətlər mötəbər hədis,təfsir,rical və tarix kitablarında
mövcuddur.Allah ondan razı olsun və qoy əməli saleh möminlərin qəlblərində ona
qarşı olan məhəbbət daimi olsun.
6) Kuleyninin
“Kafi” kitabı.
Əgər sünnilərdə Buxari
və Muslim varsa,şiələrdə Kuleyninin “Kafi” kitabı vardır.
Əbdulhüseyn Musəvi yazır: “Sünnə və rəvayyətləri özündə əhatə edən ən mötəbər mənbə “Kütubi-ərbəə”dir ki, indiyə kimi 12 imami şiələrin üsulid-din və
firuid-dində dəlil və mənbələri sayılır. “Kütubi-ərbəə” mərhum Kuleyninin
“Kafi”, Şeyx Tusinin “Təhzib” və “İstibsar”, mərhum Səduqun “Mən la yəhzuruhul-fəqih”
kitablarından ibarətdir. Bu kitabların mötəbərliyində heç bir şəkk-şübhə
yoxdur. Onların içərisində “Kafi” o birilərindən daha qədim və əzəmətlidir.Orada
altı sünni hədis kitablarından daha çox olan 16199 hədis vardır.” (Məktub 110)
Birincisi,şərqşünas
Hovardın “Kafi” kitabı haqqında yazdığı məqalədə Ağa Buzraq Tehranidən gətirdiyi
sitatı qeyd etmək yerinə düşərdi.O,yazır: “Kafi”
kitabında olan hədislərin sayı 15181 ədəddir.Əli Əkbər əl Qifarinin
hesablamalarına görə isə 15176 ədədir.”
Bu deyilən rəqəmlər
Əbdulhüseynin dedikləri ilə uyğun deyil.
Əbu Talib Təcli ət Təbrizi
“Mucəm əl məhasin və əl məsami”(səh 17)-də yazır: “O, (Küleyni) kitabının
müqəddiməsində hədislərin səhih olmasına işarə edərək,yazır: "Deyirəm
ki,sən, (öz) nəzdində bütün dini elmlərinin fənnlərini özündə cəm edən,onunla
öyrənənin və bilənin ona müraciət edərək, onunla kifayətlənməsini təşkil edən,
ordan (istifadə edərək), sadiqlərdən rəvayyət edilən səhih rəvayyətlər ilə,
dini elmləri və əməlləri götürməsi üçün, kifayət edici bir kitabın olmasını istəmisən.Mən
ümid edirəm ki,bu kitab sənin istəklərinə cavab verəcəkdir."
Muhəmməd Mehdi əl Asifi
“Tarix fiqh əhləl beyt” adlı məktubunda Küleyni haqqında belə yazır: “O,(Allah ona rəhmət etsin) kitabına
imamlardan səhih hesab etdiyi hədisləri yazmışdır.” (Əli ət Təbətəbai
(öl.1231) “Riyad əl məsail”c.1,səh 31)
“Kafi” kitabı özlüyündə
üç hissəyə bölünür.
1) 8 kitabdan ibarət olan, şiəliyin dini təməl prinsiplərini
özündə əks etdirən “Usul”
2) 26 kitabdan ibarət
olan fiqhi məsələləri izah edən “Furu”
3) Sonuncu hissə
“Ravda”
“Usuli Kafi” 3783 hədisdən
ibarətdir.
Müasir dövrdə şiələrin
sevimlisi olan Muhəmməd Dəccal Ticani Səmavi “Fəsalu əhləl zikr” (səh 34)
kitabında yazır: “Misal olaraq,sənə bunu bilmək kifayət edər ki,onlara görə ən mötəbər
kitab “Usulu Kafi”dir və onlar deyirlər ki,orada 1000 yalan hədis vardır.”
Yəni,ancaq şiələrin
hesablamalarına görə kitabın təqribən 37 %-i yalan rəvayyətlərdən ibarətdir.Ticani
öz sözləri ilə bunun şiələrin ümumi rəyi olduğunu etiraf etmişdir.
Musəvinin qeyd etdiyi
kimi “Kafi” kitabı 4 hədis kitabı arasında ən mötəbər kitabdır.Əgər “Usulu
Kafi”də 37 % yalan rəvayyət varsa,yerdə qalan üç kitab haqqında danışmağa dəyməz.